Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, dünən nazirliyin Doğuşa Yardım Komissiyası tərəfindən İsmayıllı rayon Doğum Evində doğuş zamanı baş vermiş ana və uşaq ölümü araşdırılacaq. Onun sözlərinə görə, bu məsələnin araşdırılması prosesi bir az vaxt tələb edir. Məsələ ilə əlaqədar bütün müvafiq strukturların rəyi öyrəniləcək: ”Bundan əlavə, Doğuşayardım Komissiyası tərəfindən məsələ ciddi şəkildə araşdırılacaq ki, bu hadisə həkimlərin səhvi nəticəsində baş verib, yoxsa doğrudan da xəstənin səhhətində hansısa problemlər olub. Hadisə ilə bağlı yekun qərar araşdırmalar yekunlaşdıqdan sonra veriləcək”.
Qeyd edək ki, hadisə ötən gecə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb. Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Oğlan uşağı ölü doğulub, bir qədər sonra isə ana dünyasını dəyişib.