Lerik. Ağəddin Babayev - APA. İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz mayın 15-də Lerik rayonuna səfər edib. APA-nın cənub bürosunun məlumatına görə, səfər zamanı qonaq Lerik rayon tarix-diyarşünaslıq muzeyi və “Uzunömürlülər” muzeyinə baş çəkib, rayon mədəniyyət evində düzənlənmiş sərgi ilə, eləcə də rayon mərkəzi xəstəxanası, xəstəxananın uşaq şöbəsi və Zuvand ərazisinin təbiəti ilə tanış olub.
Rafael Harpaz həmçinin Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla da görüşüb. Görüş zamanı icra başçısı Lerik rayonunun sosial-iqtisadi, mədəni inkişafı haqqında qonağa məlumat verərək Azərbaycanla digər ölkələr, o cümlədən İsrail arasında qardaşlıq münasibətlərinin günü-gündən gücləndiyini, hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların mövcud olduğunu bildirib.
Səfir R.Harpaz Azərbaycanda gedən sosial-iqtisadi inkişaf proseslərindən onda xoş təəssürat yaratdığını qeyd edərək, bu inkişaf prosesinin Lerik rayonuna da təsirsiz ötüşmədiyini diqqətə çatdırıb.
Daha sonra Qosmalian inzibati ərazi dairəsinə səfər edən qonaq Hiveri kənd sakini, Böyük Vətən Müharibəsi iştirakçısı, uzunömürlü Nəriman Abbasovla söhbət edib.
Qeyd edək ki, səfir bu gün Lerikdən öncə Lənkəranda səfərdə olub.