Bakı. Könül Kamilqızı – APA. Lənkəran şəhər sakini Zöhrab Əliyev və Lerik rayonunun Vov kənd sakini Mais Babayevin Lerik meşələrinin qırılması və Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qanun pozuntularının olması ilə bağlı Prezident Administrasiyasına yazdıqları eyni məzmunlu şikayət ərizələri aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərildikdən sonra dərhal araşdırmalara başlanılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı Lənkəran sakini Zöhrab Əliyev 83 yaşı olduğunu, Lerik meşə müəssisəsində 60 il müxtəlif vəzifələrdə işlədiyini, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, bundan sonra dəfələrlə müəssisəyə gələrək onu işə bərpa etmələrini tələb etdiyini və yenidən işə götürülmədiyindən əsəbiləşərək şikayət ərizəsi yazdığını bildirib. Digər şikayətçi Mais Babayev isə yazılı izahat verərək şikayət ərizəsinin onun adından yazılmadığını bildirib və buna görə də ərizədən imtina edib.
Şikayətlərin şəxsi qərəz səbəbindən yazılmasına baxmayaraq, meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılıb. Araşdırma zamanı müxtəlif cins və diametrdə olan ağacların qanunsuz kəsilməsi faktları aşkar edilib.