Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarına hazırlaşan gənclərə kömək məqsədilə 2013-cü il fevralın 17-də ilk dəfə olaraq sınaq imtahanları keçirəcək. TQDK-dan APA-ya verilən xəbərə görə, imtahanın birinci mərhələsi üzrə keçiriləcək sınaq imtahanı respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq. Sınaq imtahanına yazılış fevralın 6-dan başlanıb və artıq 6000-dən artıq bakalavr qeydiyyatdan keçib. Həmin imtahana yazılmaq üçün müddət 14 fevral saat 10:00-da başa çatacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər yalnız TQDK-nın internet saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bunun üçün ödəmə kartı əldə etmək lazımdır. Namizədlər Azercell və NAR Mobile nömrələrindən 7735 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Bundan başqa, həmin kartları Netmoney və Golden Pay universal ödəmə kartları vasitəsilə ödəniş etməklə də almaq olar.