Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə – sənayeləşmə siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafı və s. istiqamətlərdə verdiyi tapşırıqların icrasına dair bu gün Masallıda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Lənkəran iqtisadi rayonu üzrə yerli icra hakimiyyətlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak edib.
Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxışında «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısının proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb: «Dövlət başçısı həmçinin infrastruktur layihələrinin, xüsusilə bütün kənd yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylarboyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, meliorasiya işlərinin, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən alternativ enerji mənbələrindən - günəş-külək enerjisindən daha geniş istifadənin, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini prioritet kimi müəyyən edib. Qeyri-neft sektorunun inkişafı, o cümlədən iri taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması, mal-qaranın cinsinin yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bu vəzifələrin icrası iqtisadi inkişafın daha da sürətlənməsinə, regionlarda mövcud problemlərin köklü surətdə həll olunmasına, məşğulluğun artırılmasına səbəb olacaq».
Nazir müavini hazırda yerli və mərkəzi icra hakimiyyətlərinin təklifləri nəzərə alınmaqla 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramının hazırlandığını qeyd edib.
AMEA İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd edib, bu sahədə həyata keçirilən tədqiqat işləri barədə məlumat veriblər.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Xarici ticarət siyasəti və ÜTT şöbəsinin əməkdaşı Elnur Abbasov çıxış edərək «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda Lənkəran iqtisadi rayonu, o cümlədən Masallı rayonu üzrə nəzərdə tutulmuş tədbirlər, sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat veriblər.