Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakıda Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə Avropa Komissiyasının dəstəyi ilə keçirdiyi “Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində Məişət zorakılığının qurbanlarına Dəstək Mərkəzlərinin heyəti üçün bacarıqların artırılması üzrə beynəlxalq təlim başlayıb.
APA-nın məlumatına görə, açılış mərasimində AHK İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli çıxış edərək beynəlxalq təlimin əhəmiyyətindən danışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Səfər İmanov isə çıxışında təmsil olunduğu qurumun və ümumiyyətlə, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işləri sadalayıb.
Türkiyə Cümhuriyyətinin Başkent Universitetinin İctimai səhiyyə şöbəsinin müdiri, həmin universitetin Qadın-Uşaq sağlamlığı və ailə planlaşdırılması üzrə tədqiqat və icraat mərkəzinin direktoru Ayşe Akın məişət zorakılığı probleminin bütün dünyada olduğunu xatırladıb, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu problemin həlli istiqamətində fəallığından danışıb.
Qeyd edək ki, təlim beynəlxalq mütəxəssislər qrupu tərəfindən keçirilir.