Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan iqtisadiyyatının bütün sektorlarını daha da inkişaf etdirmək üçün yaxşı təhsilli, müasir iqtisadi anlayışı və dünya iqtisadiyyatının dəyişmə tendensiyalarını bilən minlərlə menecerlər lazımdır”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Diplomatik Akademiyasında keçirilən Məzun gecəsində çıxışında deyib.
O bildirib ki, Azərbaycan daim beynəlxalq reytinq cədvəllərində ön sıralarda gedir: “Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının həm dövlət, həm özəl sektorda inkişafını daha da irəli aparmaq üçün ölkənin yüksək təhsilli kadrlara ehtiyacı var. Bu kadrların bilik və bacarıqları enerji resurslarından əldə olunan gəlirləri daha səmərəli formada qeyri-neft sektorunun inkişafı üçün səmərəli istifadə etməyə imkan verəcək, bu da Azərbaycanın dünyada, xüsusən regiondakı mövqeyini daha da gücləndirəcək, iqtisadiyyatımızın rəqabətədavamlılığını artıracaq və vətəndaşların sosial rifahının yüksəlməsinə gətirib çıxaracaq. Bütün bunları nəzərə alaraq, Azərbaycan hökuməti təhsilə, o cümlədən azərbaycanlı tələbələrin proqramlar çərçivəsində xaricdə təhsil almasına investisiyalar yatırır. Bizim heç bir şübhəmiz yoxdur ki, bütün bu investisiyalar mühüm səmərə verəcək, təbii kapitalımızın insan kapitalına çevrilməsinə şərait yaradacaq”.