Bakı-APA. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Misirdə keçirilən 12-ci zirvə görüşündə Misir prezidenti Məhəmməd Mursi tədbirin açılış mərasimindəki çıxışında İƏT məkanında fəaliyyət göstərən gənclərdən danışarkən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun fəaliyyətini (DƏ-İKGF) yüksək qiymətləndirib.
Bu barədə APA-ya DƏ-İKGF-dən məlumat verilib. Çıxışında Misir prezidenti gənclərə ünvanlanmış müxtəlif tədbirlər və dövri fəaliyyət növləri vasitəsilə İƏT məkanında fəaliyyət göstərən gənclər arasında elmi, akademik, mədəni, texniki və başqa sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib, bütün bunların müsəlman dünyasındakı gənclər arasında tərəfdaşlıq və davamlı mübadilə platforması olaraq çıxış etməsi istiqamətində DƏ-İKGF-nin fəaliyyətlərinin genişləndirilməsi, eləcə də treninq və qrant proqramlarındakı yüksək əməkdaşlıq və tələbə mübadiləsi ilə həyata keçirilə biləcəyini vurğulayıb.