Bakı. Könül Kamilqızı – APA. “Bu gündən etibarən orta məktəb şagirdləri üçün keçirilən monitorinq imtahanlarının nəticələri şagirdlərin illik qiymətlərinə təsir göstərməyəcək. Buna görə də monitorinq imtahanının nəticələri şagirdlərin özlərinə açıqlanmayacaq”. Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə deyib. O bildirib ki, monitorinq imtahanları tam başa çatdıqdan sonra onların təhlili aparılacaq.
E. Nağızadənin sözlərinə görə, bu imtahanlar sadəcə orta məktəblərdə tədris prosesinin vəziyyətini öyrənməyə xidmət edir: “Bütün rayonlarda monitorinq imtahanları yekunlaşandan sonra nəticələr barədə ictimaiyyətə geniş məlumat veriləcək. Hələlik aprelin 23-24-25-də V və XI sinif şagirdləri üçün monitorinq imtahanları Bakıda, Abşeron rayonunda və Sumqayıtda şəhər məktəblərində keçirilir. Bunlar başa çatdıqdan sonra imtahanlar regionlarda aparılacaq”.
Qeyd edək ki, monitorinq imtahanlarında XI siniflər üzrə 28205 şagirdin, V siniflər üzrə isə 7772 şagirdin imtahan verməsi nəzərdə tutulub. 304 məktəbdə baş tutacaq imtahanı idarə etmək üçün 234 imtahan rəhbəri ayrılıb. Cari ildə monitorinq imtahanları respublikanın 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçiriləcək.