Bakı-APA. Rumıniya Xarici İşlər Nazirliyinin rəsmi dəvətinə əsasən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev Buxarestə iki günlük səfərdə olub.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Rumıniya - Azərbaycan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsi, habelə narkotiklərin qeyri-qanuni dövriyyəsi, narkotizmlə mübarizə sayəsində birgə layihələrin həyata keçirilməsi əsas prioritet istiqamətlərdən olub.
Səfər çərçivəsində onun Rumıniya Narkotiklərə Qarşı Dövlət Agentliyinin rəhbəri, general Soren Opera, Xarici İşlər Nazirliyinin idarə rəisi Qabriel Maritsa, bu sahədə ixtisaslaşmış beynəlxalq QHT olan “SİNE İRA”-nın fəxri rəhbəri, briqada generalı Mİrcea Chirila və icraçı direktor, general Don Bunea ilə bir sıra vacib görüşləri keçirilib.
Görüşlər zamanı qloballaşan dünyamızda mövcud tendensiyalara uyğun aparıcı beynəlxalq təşkilatların, xüsusən BMT-nin narkotiklərlə bağlı siyasətində yeniləşmənin olmasının vacibliyi və narkotiklərin yayılmasının qarşısının alınmasında yeni Ümumi Konvensiyanın (General Convention) hazırlanması istiqamətində fəaliyyətə başlamasının zəruriliyi ilə bağlı Məzahir Əfəndiyevin səsləndirdiyi fikirlərə Rumıniya rəsmiləri tərəfindən dəstək verilib və Azərbaycanın bu istiqamətdə təşəbbüsü çox yüksək qiymətləndirilib.
Digər tərəfdən Əfqanıstanda istehsal olunan Opium və Heroinin Cənubi Qafqaz üzərindən Avropa və Rusiyaya çatdırılmasının qarşısının alınmasında Azərbaycanın bir ölkə olaraq mühüm rol oynaması, həmçinin işğal olunmuş və nəzarətsiz elan olunan Dağlıq Qarabağ ərazisində qeyri-qanuni yetişdirilən, sonradan yaxın qonşu ölkələrə - Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə və İrana bioloji terror məqsədi ilə çatdırılan narkotik maddələrin insanların sağlamlığına, dövlətlərin təhlükəsizliyinə zərər vurması ilə bağlı məsələlər də geniş müzakirə predmeti olub.
Rumıniya dövlətinin narkotiklərlə bağlı sahəsinə cavabdeh rəsmi şəxsləri Dağlıq Qarabağ ərazisində narkotiklərə dair qanunsuz fəaliyyətin qarşısını almaq üçün dünya birliyi tərəfindən xüsusi monitorinqlərin keçirilməsinin vacibliyini vurğulanıb və bu işdə birgə tədbirlər keçirməklə Rumıniyanın Azərbaycana hər cür dəstək verəcəyini bildirib.
Daha sonra Rumıniyanın bu sahədə ixtisaslaşmış QHT-si “SİNE İRA”-nın ofisində keçirilən görüşlərdə zərərin azaldılması istiqamətində Rumıniya təcrübəsinin öyrənilməsi, reabilitasiya və yeni müalicə metodlarını əks etdirən Qanun layihəsinin hazırlanması və eləcə də narkotikdən əziyyət çəkən şəxslərin reabilitasiyası və müalicəsi istiqamətində də geniş fikir mübadiləsi aparıldı və qərara alındı ki, cari ilin sonuna qədər hər iki tərəfin səyi ilə bu sahədə konkret layihələr hazırlansın və Rumınya-Azərbaycan hökumətlərinə gələcəkdə birgə icra olunması üçün təqdim olunsun.