Bakı. Könül Kamilqızı – APA. “Xəzəryanı ölkələrin heç birində kommersiya məqsədilə nərəcinsli balıq ovu aparılmır. Onlar ancaq elm və balıqartırma məqsədilə aparılır”. APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.
O bildirib ki, görülən işlərə baxmayaraq, son illərdə Xəzər dənizində nərəcinsli balıqların sayı azaldığından, artırma zavodları üçün lazımi miqdarda balıq yığmaq olmur: “Azərbaycan 20 milyona qədər nərəcinsli balığı Xəzər dənizinə buraxa bilər. Amma ehtiyat balıqlarının yığılmasında çətinlik olduğundan, bu il deyilən sayda nərəcinsli balığı Xəzər dənizinə buraxa bilməyəcəyik. Azərbaycandan başqa Rusiyada, İranda, Türkmənistan və Qazaxıstanda da balıqartırma zavodları var. Bu il Qazaxıstanda daha böyük balıq zavodu tikiləcək ki, nəticədə 15 milyon nərəcinsli balıq Xəzər dənizinə buraxılacaq”.