APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva “Onlayn konfrans” vasitəsilə vətəndaşların suallarını cavablandırarkən deyib. O bildirib ki, Səhiyyə Nazirliyinin əmrinə əsasən respublikada qrip xəstəliyi ilə bağlı ciddi epidemioloji nəzarət aparılır. Respublikanın bir neçə şəhər və rayonlarında 19 nəzarət məntəqəsinin təsis edildiyini deyən A. Əliyeva qeyd edib ki, bunlardan da 6 məntəqə Bakı şəhərində fəaliyyət göstərən poliklinika və xəstəxanalardır: “Ağır kəskin respirator infeksiya və qripəbənzər xəstəliklərlə bu məntəqələrə müraciət edən xəstələrdən müayinələr götürülüb Respublika Taun Əleyhinə Stansiyanın virusoloji laboratoriyasında müayinə olunur. Qeyd etmək lazımdır ki, mövsümün əvvəlində bəzi müayinə materiallarında "A" və "B" qrip virusları aşkarlanıb. Lakin bu hadisələr arasında epidemioloji əlaqə müşahidə olunmur. Son günlər də daxil olmaqla əksər hallarda qrip xəstəliyi təsdiq olunmayıb. Hazırda əhali arasında narahatlığa səbəb olan kəskin virus infeksiyalarının ağır müalicə olunma səbəbi isə, sadəcə olaraq, xəstələrin vaxtında həkimə müraciət etməməsi və müalicənin axıra qədər çatdırılmamasıdır. Həmçinin xəstə şəxslərin izolyasiya olunmaması və keçiricilik dövründə qoruyucu maskalardan istifadə edilməməsi də əhali arasında virusun yayılmasına səbəb olur”.
A.Əliyeva əlavə edib ki, virus infeksiyaları zamanı antibiotiklərlə müalicə heç bir müsbət nəticə vermir və əksinə xəstəliyin müddətini uzadır. Nəticədə xəstəliyin ağırlaşdığını deyən direktor müavininin sözlərinə görə, virus xəstəliklərində müalicə, kortəbii surətdə apteklərdən alınmış antibiotiklərlə deyil, həkim nəzarəti altında, virus əleyhinə vasitələrlə aparılmalıdır. Onun sözlərinə görə, kəskin respirator xəstəliklərin gedişində, keçən illə müqayisədə artım müşahidə olunmur və bu xəstəliklər həyat üçün təhlükə yaratmır.