Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində uzunmüddətli başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi müəssisədə saxlanılma şəraiti, rəftar məsələləri və məhkumlara göstərilən tibbi xidmətin vəziyyətinin qiymətləndirilməsindən ibarət olub.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ protokolun tələblərinə uyğun olaraq müəssisənin bütün obyektlərinə - yataqxanalara, cərimə təcridxanasına, karantin zonasına, qısamüddətli və uzunmüddətli görüş yerlərinə, yeməkxanaya, mətbəxə, tibb-sanitar hissəyə və digər yerlərə baxış keçirilib, eyni zamanda müəssisədə cəza çəkən 40-dək məhkumla (onlardan 8-i əcnəbi olmaqla) kollektiv və fərdi söhbət aparılaraq saxlanılma şəraiti və məhkumlarla rəftarla bağlı mövcud vəziyyət qiymətləndirilib. Qəbul edilmiş məhkumlar rəftarla bağlı şikayət etməyiblər. 16 saylı CÇM-də xüsusən cərimə təcridxanasında şəraitin və tibbi yardımın daha da təkmilləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib.