Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü münasibəti ilə müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, baş katib müraciətində bu ilki ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti gününün yol hərəkətinin təhlükəsizliyi məsələsinə həsr olunmasından şad olduğunu bildirib: “Hər il yol qəzalarında 1,3 milyonadək insan həlak olur, milyonlarla insan xəsarət alır və ya ömürlük əlil olur. Bu hallar onların ailələri və ölkələri üçün ciddi iqtisadi ziyanlara da səbəb olur. 2011-ci ildən 2020-ci ilə qədər vaxtı əhatə edən “Yol təhlükəsizliyi üçün hərəkat onilliyi” bütün dünyada yol və nəqliyyat təhlükəsizliyinə həsr olunub.
Informasiya-kommunikasiya texnologiyaları bu sahədə geniş imkanlar açır.
Nəqliyyatın intellektual idarəetmə sistemləri və naviqasiya vasitələri tıxac probleminin həllinə yardım edə bilər. Radarlar yol hərəkətinin iştirakçılarının bir-biri ilə, o cümlədən piyadalarla toqquşmanın qarşısını alır. Kontaktsız əlaqə vasitələrinin istifadəsi yol-nəqliyyat hadisələrinin sayını azaldır. Bu xüsusən nəqliyyat hadisələrində ölənlərin yarısını təşkil edən gənclərə daha çox aiddir. Mən Beynəlxalq Telekommunikasiya Birliyinin sahə strukturları ilə birgə İKT standartlarının işlənməsi, o cümlədən Beynəlxalq Avtomobil Federasiyası ilə təhlükəsiz yol hərəkətinin təbliğatı sahəsində olan işini yüksək qiymətləndirirəm. Gəlin, texniki nailiyyətlərin maksimal istifadəsi ilə yol-nəqliyyat hadisələrinin sayını kəskin azaldaq və milyonlarla insanın həyatını xilas edək”.