Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının 10 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, konfransın təşkilində məqsəd dövlət idarəetmə orqanlarına sənəd-informasiya xidmətinin vəziyyəti və inkişaf perspektivləri barədə müzakirə aparmaqdır. O deyib ki, yaxşı sənəd-informasiya təminatı mükəmməl idarəetmənin əsas şərtidir: “İndi informasiya əsridir. Bu gün dövlət orqanlarında çalışan əməkdaşların mükəmməl sənəd-informasiya ilə təmin olunması onların gündəlik fəaliyyətində öz əksini tapır. Bu gün konfransda informasiya təminatı sahəsində beynəlxalq təcrübə məsələləri müzakirə olunur. 10-dan çox ölkənin prezident kitabxanalarının rəhbərləri, informasiya təminatı sahəsində çalışan mütəxəssislər dəvət olunub”.
M. Əhmədov kitabxanada təşkil olunan sərgi barəsində danışaraq qeyd edib ki, sərgi əsirlikdə qalan mədəni abidələrdən bəhs edir: “Bildiyiniz kimi, bizim bir çox abidələrimiz əsirlikdədir. Onların hamısı demək olar ki, dağıdılıb. Bizim məqsədimiz həmin abidələrin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır. Digər bir sərgi isə Azərbaycan motivləri adlı rəsm sərgisidir. Bir neçə məşhur rəssamın əsərləri sərgidə nümayiş etdirilir. Düşünürəm ki, bu da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müəyyən rol oynayacaq”.
Konfransda kitabxananın yeni saytının təqdimatı da olub.