Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnformasiya Texnologiyaları Universitetinə qəbul olanlar avqustun 20-dən etibarən qeydiyyatdan keçərək sənədlərini təsdiq etdirə bilərlər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bunun üçün attestat, şəxsiyyət vəsiqəsi, 4 ədəd (3x4) fotoşəkil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının virtual ödəmə kartı, istifadəçi adı və şifrəsi, “məcburi köçkün” statusunu təsdiq edən vəsiqə (mövcud olduğu halda) tələb olunur.
Qeydiyyatın aparılması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən səlahiyyətli nümayəndələr təyin edilib.
Qeydiyyat avqustun 29-dək davam edəcək.
Qeyd edək ki, İnformasiya Texnologiyaları Universitetinə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq (Ünvan: AZ1008 Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küç., 11).