Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunun bəzi əkin sahələrinə “Mərakeş çəyirtkələri” darışıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Ələmbəyli və çöl ərazilərdə çəyirtkələrin kütləviliyi müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi Mərakeş çəyitkələrinə qarşı mübarizə tədbirləri görür. Bitki Mühafizəsi Mərkəzinin Sabirabad, Saatlı, İmişli və digər rayon şöbələri də mübarizə tədbirləri həyata keçirir.
Sabirabad Bitki Mühafizə Mərkəzinin rəisi Ramazan Aydınovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, çəyirtkələri məhv etmək üçün mərkəzin əməkdaşları və texnika işə cəlb olunub. Mütəxəssislərin fəaliyyəti üçün bütün lazımı tədbirlər görülüb. Bildirilib ki, xüsusi təhlükəli ziyanvericilər qrupuna aid olan “Mərakeş çəyirtkələri”nin qarşısı vaxtında alınmalıdır, çünki bu çəyirtkələr qısa vaxtda məhsula, bütün kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vura bilər.
Mübarizə tədbirlərinə cəlb olunan mütəxəssislər sahələri diqqətlə gəzərək ziyanvericilərin yuvacıqlarını müəyyən edir, texnikaların həmin əraziləri qısa vaxtda dərmanlamasını təmin edirlər.