Salyan. Əlibəy Zeynallı - APA. Əli bəy Hüseynzadənin 150 illik yubiley tədbiri vətəni Salyanda da keçirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Salyan rayonunda görkəmli alim, filosof, həkim, rəssam, XX əsr Azərbaycan-Türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əlibəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyi keçirilib.
Tədbir iştirakçıları Əlibəy Hüseynzadənin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar. Salyan rayon tarix-diyarşünaslıq muzeyində isə Əlibəy Hüseynzadəyə həsr edilən sərgi ilə tanışlıq olub. Yubiley tədbirində Əli bəy Hüseynzadənin həyat yolundan danışılıb. Qeyd olunub ki, 1864-cü il fevralın 24-də Salyan şəhərində anadan olan Əlibəy Hüseynzadə XIX əsrin axırlarından XX əsrin ortalarına kimi türk dünyasının ictimai fikir tarixində diqqəti cəlb edən şəxsiyyətlərdən biri olub. Əlibəy Hüseynzadənin özünün türkçülük, islamçılıq və müasirlik formulu 1918-ci ildə yaranan Azərbaycan Demokratik Cümhuriyyətinin milli ideologiyasının üç təməl prinsipi kimi qəbul edilib.