Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi bir çox apteklərdə içliyi müxtəlif dillərdə olan dərmanlara rast gəlinməsi hallarına və onun səbəblərinə aydınlıq gətirib.
Nazirliyin internet saytında keçirilən onlayn konfransda APA-nın sualını cavablandıran səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, ölkəyə idxal olunan dərman vasitələrinin içlik vərəqələrindəki məlumatların ana dilində olması ilə bağlı istehsalçı və idxalçı şirkətlərə Səhiyyə Nazirliyi tərəfindən sonuncu dəfə xəbərdarlıq olunaraq onlara 01 iyun 2012-ci il tarixinə kimi vaxt verilib.
Onun sözlərinə görə, bu tarixdən etibarən ölkəyə içlik vərəqələrindəki məlumatlar ana dilində olmayan dərman vasitələrinin idxalına icazə verilmir və içlik vərəqələrindəki məlumatlar ana dilində olmayan bir qutu da olsun, dərman vasitəsinin ölkəyə idxal olunmasına Səhiyyə Nazirliyi tərəfindən icazə verilməyib: “Hazırda ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin sayı 4500-ə yaxındır. Bu preparatların da hamısının içlik vərəqələri ana dilinə tərcümə olunaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib. Buna baxmayaraq, əczaçılıq bazarında aparılan araşdırmalar zamanı hələ də belə dərman vasitələrinə rast gəlinir. Bunun əsas səbəbi kimi isə həmin preparatların əvvəlki illərdə idxal olunması göstərilir. Bununla bağlı Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin İnspeksiyası tərəfindən müvafiq işlər aparılır, belə preparatlar aşkarlandığı təqdirdə müsadirə olunaraq satışdan çıxarılır, bu preparatları satan apteklərə qarşı qanunvericiliyə uyğun cəza tədbirləri görülür”.