Bakı – APA. Şəki Əlillərə Qayğı İctimai Birliyi Şəki və Zaqatala rayonları üzrə İcma əsaslı Reabilitasiya Mərkəz yaradıb.
APA-nın məlumatına görə, Zaqatala rayonunda 3 aydan çoxdur fəaliyyətə başlayan Mərkəz artıq 45 fiziki qüsurlu uşağa xidmət göstərir. Mərkəzin rəhbəri Güləndam Alxasovanın sözlərinə görə, uşaqlar gündəlik Mərkəzə gətirilir və onlarla xüsusi proqram üzrə iş aparılır.
Artıq görülən işlərin öz bəhrəsini verdiyini söyləyən Mərkəz rəhbəri əməkdaşların ailələrə səfərlər edib, yerindəcə maarifçi iş apardığını da bildirib. Mərkəzdə yalnız reabilitasiya işi aparılmır, burda valideynlərin müraciətlərinə də baxılır, arzu və istəkləri dinlənilir.
Hazırda İcma əsaslı Mərkəzdə 45 uşağın reabilitasiyası və cəmiyyətə adaptasiyası üzərində işlər gedir. “Onların da hamı kimi yaşamağa haqqı var. Dövlət onları cəmiyyətə qaytarır” deyən G. Alxasovanın sözlərinə görə, ilin sonunadək reabilitasiya keçən uşaqların sayının 80-100 nəfərə çatdırılması nəzərdə tutulur.