Bank Of Baku

Səlim Müslümov: “Cari ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 milyard 978 milyon manat təşkil edib”

Səlim Müslümov: “Cari ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 milyard 978 milyon manat təşkil edib”
# 07 oktyabr 2013 16:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Cari ilin 9 ayında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 1 milyard 978 milyon manat təşkil edib.

 

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetində 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə DSMF sədri Səlim Müslümov bildirib.

 

Cari ilin 9 ayında işləyənlərin və onların maaşlarının qeydiyyatı ilə bağlı 600 min nəfər əlavə qeydiyyata alınıb və sığorta olunan şəxslərin sayı 2 milyon 630 min nəfəri ötüb.

 

S. Müslümov bildirib ki, hesabat dövründə Fondun xərcləri 1 milyard 890 milyon manat olub ki, bunun da 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Pensiyaların vaxtında maliyyələşdirilməsini təmin etmək məqsədilə DSMF Maliyyə Nazirliyi ilə birlikdə aylıq ödəniş qrafikini təsdiq edib və bu qrafikə uyğun olaraq pensiyaların maliyyələşdirilməsi tam başa çatdırılıb: «Bundan əlavə, yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib. Əmək pensiyalarının baza hissəsinin artırılması, o cümlədən sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı imzalanan müvafiq sərəncamlara əsasən qulluq stajına görə pensiyasına əlavə alan şəxslər istisna olmaqla, qalan 1 milyon 209 min nəfərin pensiyasının baza hissəsi sentyabrın 1-dən 17,6 faiz artırılaraq 100 manata çatdırılıb. Güzəştli kateqoriyaya aid 146 min nəfərin pensiyasının baza hissəsinə daha çox, yəni 16,5 manatdan 37,5 manata qədər artım tətbiq edilib. Beləliklə, sentyabrın 1-dən Azərbaycanda pensiyaların baza hissəsi müqayisəli ifadədə 128 dollar təşkil edib ki, bu da MDB məkanında 3-cü göstəricidir. Bu artımlardan sonra Fondun əhaliyə aylıq ödənişlərinin həcmi 221 milyon manata çatıb».

 

DSMF sədri deyib ki, hazırda fondun uçot sistemində ölkənin əmək qabiliyyətli əhalisinin 44 faizinin, məşğul əhalisinin isə 60 faizinin fərdi şəxsi hesabı var. Bu ilin iyul ayında Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatına başlanıb. Pensiya yaşına çatmış vətəndaş heç bir orqana getmədən və heç bir sənəd təqdim etmədən Fondun “Mərkəzi Çağrı Sistemi”nə zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini söyləməklə ona avtomatik olaraq pensiya təyin edilir və vətəndaşa təyin olunan pensiyanın məbləği və plastik pensiya kartını ala biləcəyi tarix və müvəkkil bankın ünvanı bildirilir. Eyni zamanda, vətəndaşa müvafiq məlumatlar çap olunaraq üzərində onun şəkli də olan rəsmi bildiriş göndərilir. İki aydan bir qədər az vaxt ərzində 500 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb ki, bunlardan 170-i Bakıda, 330 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR