Bakı. Könül Kamilqızı – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) vəhşi heyvanlar və sahibsiz itlər üzərində vaksinasiya işlərinin aparılması üçün beynəlxalq təşkilatlara müraciət edib.
APA-nın xəbərinə görə, DBX-nin rəisi Sialə Rüstəmova jurnalistlərə açıqlamasında deyib ki, bu vaksinasiya işlərinin aparılması üçün beynəlxalq donor təşkilatların köməyinə ehtiyac duyulur.
Onun sözlərinə görə, hələ ki beynəlxalq təşkilatlar tərəfindən cavab verilməyib və hansısa vəsait ayrılmayıb: “Vəhşi heyvanlar və sahibsiz itlərin vaksinasiyasını tətbiq edə bilsək bizim gördüyümüz işlər də öz nəticəsini verəcək. Bu günə kimi 247 min sahibli itlər üzərində vaksinasiya işləri aparılıb. Amma sahibsiz itlərdə biz bu işi həyata keçirə bilmirik. Bunun üçün də Dövlət Baytarlıq Xidmətinin beynəlxalq təşkilatların köməyinə ehtiyacı var”.
S.Rüstəmova Azərbaycanda quduzluq xəstəliyinin ən çox müşahidə olunduğu əraziləri də açıqlayıb. O bildirib ki, Azərbaycanda quduzluq xəstəliyi daha çox sərhəd zonalarında müşahidə olunur: “İşğal altında olan ərazilərdə yanğınlar və digər hadisələr nəticəsində vəhşi heyvanın bizim zonalara miqrasiyası baş verir. Bundan əlavə, quduzluq xəstəliyi Şəki, Zaqatala və Qax zonasında daha çox müşahidə edilir”.