Bakı. Könül Kamilqızı – APA. “Son 10 ildə Azərbaycanda 2500-dən çox məktəb binası tikilərək əsaslı təmir olunub. Məktəblərin maddi-texniki bazası gücləndirilib. Büdcədən təhsilə ayrılan vəsaitin həcmi artırılır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov “Sabahın alimləri” II Respublika müsabiqəsinin açılış mərasimində çıxışında deyib. Nazir bildirib ki, 2008-ci ildən başlayaraq respublika məktəblərində kiçik akademiyalar yaradılıb. Nazirin sözlərinə görə, həmin akademiyalar tədricən formalaşıb, inkişaf etməkdədirlər.
M.Mərdanov qeyd edib ki, bu cür müsabiqələrin keçirilməsində məqsəd şagirdlərə təhqiqatçılıq vərdişlərini aşılamaqdır.