Bakı. Könül Kamilqızı – APA. 2011-2012-ci illər və 2013-cü ilin 6 ayı ərzində Azərbaycan Respublikasının milli parklarına 9164 nəfər səfər edib ki, bunlardan 1127 nəfəri xarici ölkə, 8037 nəfər isə yerli vətəndaşlardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yerli vətəndaşların 985 nəfərini imtiyazlı şəxslər (mövcud normativ sənədlərə əsasən məktəbəqədər və məktəbyaşlı uşaqlar, əlillər, ölkəmizdə rəsmi səfərdə olan şəxslər imtiyazlı şəxslər hesab edilir və onlar ölkəmizin milli parklarına daxil olarkən ödənişdən azad olunur) təşkil edib.
Bu müddət ərzində vətəndaşlar tərəfindən milli parklara daxil olmaq üçün ödənilən vəsait ümumilikdə 25408 manat təşkil edib və həmin məbləğ istifadə olunmadan saxlanılıb. Bu vəsaitdən milli park ərazilərində ekoturizm fəaliyyətinin təşkili, o cümlədən yol göstəriciləri və biotualetlərin quraşdırılması, tullantılar üçün qabların alınması, stasionar düşərgələrin təşkil olunması məqsədilə istifadə edilməsi nəzərdə tutulur.