Bakı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyi və Həmkarlar İttifaqları Konfederasiyası Sumqayıt şəhərində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi ilə birgə “İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması” mövzusunda seminar-müşavirə təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, seminar-müşavirəni Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Allahverdi Avişov açaraq, bu kimi tədbirlərin əhəmiyyətini, Həmkarlar orqanları ilə Dövlət Əmək Müfəttişliyi arasında əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb.
7 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Şəfa Əliyev öz çıxışında işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında dövlət nəzarətinin səmərəli təşkili məsələlərinə toxunaraq bildirib ki, bu məsələlərdə yerli həmkarlar təşkilatlarının ictimai fəallığı işçilərin əmək hüquqlarının qorunmasında, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkilində xeyli əlavə stimul verə bilər. Şəfa Əliyev əməyin mühafizəsi üzrə işəgötürənlərin məsuliyyəti, bu sahədə qanunvericiliyə ictimai nəzarətin əhəmiyyəti və birgə fəaliyyətin vacibliyini xüsusi vurğulayıb.
Müzakirələrdə 7 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Sabir Allahverdiyev, Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin məsul işçisi Ağasəlim Cəfərov, Sumqayıt şəhər Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin məsul işçisi Etibar Nəzərov, Sumqayıt Maliyyə İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri İndira Şəmsivari, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri Şəmsəd Həsənov, “Sumqayıt” qəzetinin baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti Qüdrət Məlikov çıxış ediblər. Natiqlər işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili sahəsində mövcud vəziyyəti təhlil etməklə yanaşı, bu sahədə dövlət nəzarətinin gücləndirilməsinin və yerli ictimai qurumların fəallığının artırılmasını da bildiriblər.
Seminar-müşavirənin sonunda tədbir iştirakçılarına işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması üzrə maarifləndirici məlumat kitabçaları paylanıb.