Bakı. Könül Kamilqızı – APA. “Mövcud qanunvericilik saxta təhsil sənədi ilə işləməyi qadağan edir”. APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib: “Müəllimin isə saxta sənədlə işləməsi yolverilməzdir. Bundan əlavə, əyani magistraturada təhsil alanlar müəllim işləyə bilməzlər. Azərbaycanda əmək qanunvericiliyi işinin öhdəsindən gəlməyən, vəzifə funksiyalarını yüksək səviyyədə yerinə yetirməyən işçilərin, o cümlədən müəllimlərin işdən azad edilməsinə yol verir.
Qeyd olunub ki, bəzi müəllimlərə xəbərdarlıq da edilib. Bildirilib ki, hər hansı bir müəllimin valideynləri məcbur edərək onların övladlarına pul müqabilində əlavə dərs keçməsi anti-pedaqoji hərəkətdir: “Orta məktəb rəhbərləri bu cür hallara qarşı prinsipial mövqe tutmalıdırlar. “Təhsil haqqında” qanunun 19.18-ci bəndinə görə, dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Bütün orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu iddia etmək obyektivlikdən uzaqdır. Bununla belə, müasir tələblərə cavab verməyən məktəblərin hələ də olması həqiqətdir. Nazirlik növbəti dərs ilində belə məktəblərin fəaliyyətinin araşdırılması və lazımi təkliflərin hazırlanması üçün tədbirlər müəyyənləşdirir”.