Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi orta məktəblərdə xarici dillərin tədris planlarına dair qeydləri açıqlayıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.
Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil uşağın məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir. Xarici dilin tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris bazanın olması zəruri şərt hesab olunur. Valideynlərin seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurrikulumları)” sənədinə əsasən, ümumtəhsil məktəblərinin ümumi orta və tam orta təhsil səviyyələrində tədris olunan fənlərin siyahısına ikinci xarici dil daxil edilib. İkinci xarici dilin tədrisi 2012-2013-cü dərs ilindən etibarən V siniflərdən başlanıb. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir. İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil müəssisələrindən müəllim (mütəxəssis) dəvət oluna bilər. I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə qətiyyən yol verilmir. Xarici dil üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda İbtidai siniflərdə xarici dilə ayrılan saat ana dilinin tədrisinə verilir. V-VI siniflərdə xarici dilə ayrılan saatlar hər birinə 1 saat olmaqla ana dili, “Ədəbiyyat” və “Riyaziyyat” fənlərinin tədrisinə verilir. VII-XI siniflərdə xarici dilə ayrılan saatların digər fənlərin tədrisinə verilməsi (hər birinə 1 (bir) saatdan artıq olmamaq şərtilə) məsələsi məktəb pedaqoji şurasının qərarına əsasən həll edilir. Bu halda həmin fənlərdən ixtisaslı pedaqoji kadrların olması nəzərə alınır. İkinci xarici dilə ayrılan saat əsas xarici dilin öyrənilməsinə, ümumiyyətlə xarici dil keçilməyən məktəblərdə isə “Texnologiya” fənninin tədrisinə verilir. Tərkibində III və ya IV sinif olan komplekt siniflərdə ana dili 10 saat, “Həyat bilgisi” və “Texnologiya” fənlərinin hər biri 2 saat tədris olunur.