Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2013-2015-ci illər üçün Kollektiv saziş bağlanıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Kollektiv sazişin bağlanması ilə bağlı təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev birgə qərarı ilə imzalanıb.
Sazişi (bundan sonra Saziş) Azərbayjan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq təhsil işçiləri üçün zəruri əmək, sosial-iqtisadi şəraitin yaradılması, təhsil müəssisələrinin, təşkilatların stabil, effektiv fəaliyyətinin təmin edilməsi məqsədilə imzalanır. Saziş təhsil sahəsində münasibətlərin tənzimlənməsi prinsiplərini müəyyən edən hüquqi sənəd olmaqla, təhsil işçilərinin əməkhaqqını, əmək zəmanətlərini və əlavə imtiyazlarını müəyyən edir. Saziş təhsil müəssisələri və təşkilatlarında (bundan sonra müəssisələr) kollektiv və əmək müqavilələrinin imzalanması, fərdi və kollektiv əmək mübahisələrinin həlli zamanı istifadə edilə bilər.
Sazişə əsasən təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquq və maraqlarının müdafiəsi sahəsində tərəflərin sosial əməkdaşlığı və fəaliyyətlərinin əlaqələndirilməsi sahəsindəki öhdəlikləri, Əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı sahəsində, Əməyin mühafizəsi sahəsində, Mənzil-məişət, mədəni-kütləvi və idman işləri sahəsində, İşçilərin sosial mühafizə və sağlamlığının qorunması sahəsində Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin öhdəliklərini müəyyən edir. Bundan əlavə, Həmkarlar ittifaqı təşkilatlarının normal fəaliyyəti üçün şərait yaradılması sahəsində tərəflərin qarşılıqlı öhdəliklər müəyyənləşdirilib.