Bakı. Könül Kamilqızı-APA. 2012-ci ildə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 15463 müraciət daxil olub. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müraciətlərin 14678-i sorğu, 785-i isə şikayət xarakterlidir. Ötən il “Qaynar xətt” xidmətinə yanvarda 1441, fevralda 1629, martda 1629, apreldə 1265, mayda 1055, iyunda 1073, iyulda 2385, avqustda 1196, sentyabrda 1441, oktyabrda 974, noyabrda 613, dekabrda isə 762 müraciət edilib.
Sorğuların təxminən 70 faizindən çoxu ümumi təhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanların təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar olub. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün sorğular cavablandırılıb. Şikayət xarakterli müraciətlər isə nazirliyin müvafiq şöbələri və aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb. 2012-ci ildə “Qaynar xətt” xidmətinə daxil olan 785 şikayət məzmunlu müraciət ümumi, texniki peşə, orta ixtisas, ali və məktəbdənkənar təhsil müəssisələri ilə bağlıdır.
Ali təhsil müəssisələrindən daxil olan şikayət xarakterli müraciətlərdə daha çox məzunların diplom ala bilməməsi, imtahanların təşkili, tələbələrin təqaüdünün gecikdirilməsi, imtahan üçün pul tələb edilməsi, imtahan nəticələrindən narazılıq, diplomun gecikdirilməsi, diplom üçün rüsum tələb olunması və digər məsələlərlə bağlı olub. Şikayət xarakterli müraciətlərin sayına görə ali təhsil müəssisələri üzrə - Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarından 14, Bakı Dövlət Universitetindən 13, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 9, Sumqayıt Dövlət Universitetindən 9, Azərbaycan Dillər Universitetindən 8, Azərbaycan Dövlət İqtisad Universitetindən 3, Azərbaycan Texnologiya Universitetindən 3, Azərbaycan Dövlət Neft Akademiyasından 2, Gəncə Dövlət Universitetindən 2, Azərbaycan Turizm Universitetindən 2, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, Bakı Slavyan Universitetindən 2, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 1, Lənkəran Dövlət Universitetindən 1, Azərbaycan Texniki Universitetindən 1, Azərbaycan Rəssamlıq Akademiyasından 1, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından 1, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən 7, Qafqaz Universitetindən 4, Bakı Avrasiya Universitetindən 3, Bakı Asiya Universitetindən 3, Qərb Universitetindən 3, Təfəkkür Universitetindən 3, Bakı Biznes Universitetindən 2, Odlar Yurdu Universitetindən 1, Azərbaycan Kooperasiya Universitetindən 1, Azərbaycan İctimai-Siyasi Universitetindən 1 olmaqla ümumilikdə 102 müraciət daxil olub. Bu isə 2011-ci ildə ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərlə müqayisədə 35 faiz azdır.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə, ali təhsil müəssisələrinin "Qaynar xətt" xidmətlərinə və imtahan qərargahına daxil olan müraciətlərə baxılması nəticəsində AMİ-nin Qazax, Şamaxı, Salyan, Quba, Ağcabədi filiallarının direktorları vəzifələrindən azad edilib, Bakı Dövlət Universitetində 11 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetində 3 nəfər, Sumqayıt Dövlət Universitetində 4 nəfər, Azərbaycan Dövlət İqtisad Universitetində 20 nəfərdən çox, Azərbaycan Kooperasiya Universitetində isə 4 nəfər əməkdaşa intizam tənbehi tətbiq olunub.