Bakı. Könül Kamilqızı - APA. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycanda yeni doğulan uşaqlara Atatürk adının verilməsi məsələsinə yenidən aydınlıq gətirib. Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya açıqlamasında deyib ki, 24 noyabr 1934-cü il tarixində Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Atatürk soyadının verilməsi haqqında qanun qəbul edib. Onun sözlərinə görə, bu qanunla başqalarının bu soyaddan istifadə edilməsi qadağan edilib. S.Sadıqova qeyd edib ki, Azərbaycan dövləti və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tərəfindən isə Atatürk adına qarşı heç bir rəsmi və ya qeyri-rəsmi qadağa mövcud deyil: “Sadəcə, əgər komissiyaya müraciət edən olursa, bu adın ona verilməməsi tövsiyə edilir və buna icazə verilmir. Onlara tövsiyə olunur ki, bu ad uşaqlara qoyulmasın. Səbəb isə Atatürkün türk dünyasında müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər kimi adının yeganəliyinin qorunmasıdır”.
S.Sadıqova qeyd edib ki, bir neçə il öncə Türkiyənin Anadolu Agentliyi Azərbaycanda uşaqlara Atatürk adının verilməsi ilə bağlı Terminologiya Komissiyasına müraciət edib: “Biz də onu araşdırdıq və statistik məlumata görə müəyyənləşdirdik ki, 2012-ci ilə kimi Azərbaycanda 18 yeni doğulan uşağa Atatürk adı verilib. Bu adın verilməsi indiyə kimi də davam edir. 2013-cü ildə də bir uşağa Atatürk adı verilib”.