Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) KİV nümayəndələri arasında müsabiqə elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqə 2 nominasiya üzrə aparılacaq. “2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə I yer - 1000 manat, II yer - 800 manat, III yer – 600 manat məbləğdə mükafat təqdim olunacaq. Müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri sentyabrın 1-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə təqdim olunur” yarımbaşlığının qoyulması əhəmiyyət daşımır.
”2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya və ya radio reportajı” nominasiyasında ilk 2 yerə layiq görüləcək KİV təmsilçilərinə müəyyən məbləğdə mükafat təqdim olunacaq. Belə ki, I yer - 1000 manat, II yer - 800 manat, III yer – 600 manat məbləğlə mükafatlandırılacaq. Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2013-cü il sentyabr ayının 1-dək televiziya və ya radioda yayımlanmış materialın video (audio) diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər.