Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyalarının (SQK) nümayəndələri üçün seminar-məşğələ keçirilib. TQDK-dan APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan TQDK-nın İmtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Hidayət Zeynalov SQK üzvlərinin öz fəaliyyətlərini səmərəli təşkil etmələri üçün vacib olan məsələlərə toxunub, onları üzərlərinə düşən vəzifələrlə tanış edib. Sektor müdiri bakalavrların “Elektron ərizə” formasını doldurmaları üçün lazım olan virtual ödəmə kartını internet ödəmə və ya Azercell və NAR Mobile nömrələrindən SMS xidmətləri vasitəsi ilə əldə edə biləcəklərini xatırladıb. Bildirib ki, mobil telefonlardan 7725 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.
Daha sonra TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev və məlumat bazalarının yaradılması sektorunun müdiri İlqar Allahverdiyev ərizə qəbulu zamanı yarana biləcək suallara aydınlıq gətirmiş, “Elektron ərizə” qəbulu sisteminin proqram təminatı, bu istiqamətdə aparılmış yeniliklər və ümumilikdə sənəd qəbulunun aparılması qaydaları barədə geniş məlumat verib.