Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevral ayı ərzində 2013-cü il üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri keçirəcək.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu müşavirələrdə TQDK-nın, Təhsil Nazirliyinin, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının, ictimai qurumların, ölkənin təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur. Müşavirələrdə müvafiq bölgələr üzrə orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.
Müşavirə Bakıda fevralın 19-da, Şəkidə və Lənkəranda fevralın 20-də, Gəncədə, Ağcabədidə, Göyçayda və Şirvanda fevralın 21-də, Qubada fevralın 22-də, Naxçıvanda isə fevralın 24-də keçiriləcək.