Bakı. Könül Kamilqızı – APA. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, müsabiqədə TQDK tərəfindən Azərbaycan bölməsində I qrup üzrə test üsulu ilə keçirilən qəbul imtahanında 300 və daha yüksək bal toplamış namizədlərdən 16-20 yaş arasında təvəllüdə malik, Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn, sağlamlıq baxımından, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan "Hərbi müdavim ola bilər" qeyd olunmuş arayış əldə edən, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan, nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayanlar iştirak edə bilərlər.
Müsabiqədə iştirak edəcək namizədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər. Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 5 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dən iyulun 31-dək saat 10:00-dan 17:00-dək TQDK-ya müraciət etməlidirlər.