Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda gənclər arasında “AİDS-lə bağlı ekspress-testdən keç və təhlükəsiz yaşa” mövzusunda tədbir keçirilib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, tədbir Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin Respublika QİCS-lə mübarizə mərkəzi və “AİDS”-lə mübarizə Mərkəzi İctimai Birliyi, UNİCEF-in və Avropa Birliyinin Azərbaycan nümayəndəliklərinin təşkilatçılığı ilə baş tutub.
“AİDS-lə bağlı ekspress-testdən keç və təhlükəsisz yaşa” aksiyası çərçivəsində Şirvan İqtisad kollecinin 200-ə yaxın tələbəsi arasında qan analizinin ekspress-testi anonim aparılmaqla həyata keçirilib. Əvvəlcə gənclər arasında AİDS haqqında bilgiləri müəyyən etmək üçün sorğu keçirilib və daha sonra onlardan qan analizləri götürülüb. Müasir standartlara cavab verən qan analizinin ekspress-testi qanda HİV virusunun olub-olmamasını 10 dəqiqəyə müəyyən edir. Tələbələrə müxtəlif səpkilərdə maarifləndirici bukletlər paylanıb. Tədbirdə BMT-nin Uşaq Fondu Azərbaycan Nümayəndəliyinin mütəxəssisi Aida Ailarova və UNİCEF-in Azərbaycan nümayəndəliyinin direktor müavini Rəşid Mustafa iştirak edib. Aksiya daha sonra Lənkəranda, Hacıqabulda və Bakıda da keçiriləcək.