Bakı – APA. Xanım Bruk Ayşam (Brooke Isham) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində səlahiyyətlərinin icrasına başlayıb.
APA-nın xəbərinə görə, Dr. Ayşam Azərbaycan üzrə missiya direktoru kimi USAID-in ölkədə həyata keçirdiyi proqramlar və göstərdiyi yardıma rəhbərlik edəcək. Bu proqramlar Azərbaycanda həyata keçirilən islahatlara dəstək olaraq rəqabəti və cəmiyyətdə plüralizmi təşviq edir və bazar iqtisadiyyatına əsaslanan davamlı demokratiyanın əsaslarını qoyur.
Bu vəzifəyə təyin olunmazdan əvvəl Dr. Ayşam ən son Əfqanıstanda missiya direktorunun müavini vəzifəsində çalışıb. Bu vəzifədə onun səlahiyyətlərinə USAID-in iqtisadi inkişaf və infrastruktur layihələrinə, habelə Şimalı və Qərbi Əfqanıstanda USAID-in əməliyyatlarına nəzarət daxil olub. O, Mali, Mərkəzi Asiya, Rusiya, İordaniya və Sudanda işləyib.
Dr. Ayşam 1992-ci ildə Stenford Universitetində (Stanford University) xammal iqtisadiyyatı üzrə elmlər namizədi (Ph.D.) dərəcəsini, həmçinin iqtisadiyyat üzrə bakalavr və tətbiqi iqtisadiyyat üzrə magistr dərəcələrini alıb.