Xocavənd. Teymur Zahidoğlu - APA. Xocavənd rayonu ərazisində yerləşən Nərgiztəpə kompleksində arxeoloji qazıntılar aparılır. Arxeologiya və Milli Etnoqrafiya İnstitutunun Mil-Qarabağ Ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev APA-nın Qarabağ bürosuna bildirib ki, sonuncu dəfə ötən əsrin ortalarında araşdırılan Nərgiztəpənin tədqiq olunması uzun illər dayandırılsa da, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə bu işə yenidən start verilib.
T. Əliyev deyib ki, Nərgiztəpədə aparılan arxeoloji qazıntılar nəticəsində dörd min il yaşı olan abidənin qalıqları müəyyən olunub. Arxeoloqun sözlərinə görə, bu yaşayış məskənlərinin qədim Oğuz ellərinə məxsus olduğunu təsdiq edən kifayət qədər məlumat və arxeoloji materiallar var: “Nərgiztəpə abidə kompleksinin Dədə Qorqud dastanında adı çəkilən Qaraçuğ dağının ətəyində yerləşməsi və buradakı qəbirüstü abidələrin oxşarlarına başqa türk dövlətlərinin ərazisində də rast gəlinməsi qədim Oğuz tayfalarının tarixinə dair çoxlu faktlar açıqlayır”.
Araşdırmalar başa çatdıqdan sonra ərazidə Qaraca Çobanın abidəsinin qoyulması nəzərdə tutulur.