Bakı. Könül Kamilqızı – APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmətlərin göstərilməsi sahəsində gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə müvafiq sahədə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.
APA-nın xəbərinə görə, görüşdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, Azərbaycanda hər zaman sosial xidmətə ehtiyacı olan uşaqlar üçün müvafiq tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, son 15 il ərzində ölkədə 10-15 min uşaq sosial xidmətlərdən yararlanıb: “Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Bu vəsait ilk növbədə sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və baxımsızlığının qarşısını alması sahəsində işlərin görülməsinə, onlara ev şəraitində icma əsaslı sosial xidmətlər göstərilməsinə yönəldiləcək”.
Görüşdə Azərbaycanda sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün göstərilən sosial xidmətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tədbirdə, həmçinin sosial xidmətlər sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiqi istiqamətində ixtisaslaşmış təşkilatların müsbət rolu vurğulanıb, bu sahədə gələcək fəaliyyət istiqamətləri qeyd olunub.