Bakı. Könül Kamilqızı - APA. Son 5 il ərzində 24 sahə və 1 ərazi həmkarlar ittifaqı orqanının texniki əmək müfəttişləri tərəfindən müəssisə və təşkilatlarda əməyin mühafizəsi sahəsində 3200-dən çox yoxlama aparılıb.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bu gün konfederasiyada keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin yoxlamaların 100-ə qədəri dövlət nəzarət orqanları ilə birgə aparılıb və yoxlamalarda 14,1 min pozuntu halları müəyyən edilib: “Əməyin mühafizəsinə dair pozuntular barədə işəgötürənlərə 2220 təqdimat verilib. Aşkar olunmuş çatışmazlıqların 85%-i müəyyən olunmuş müddətlərdə aradan qaldırılıb. 2012-ci ildə aparılan yoxlamaların təhlili göstərir ki, texniki əmək müfəttişləri tərəfindən yoxlanmış müəssisələrdə işçilərin hər 17 nəfərdən birinin həyatı üçün mövcud olan risk faktoru aradan qaldırılıb. Son iki ildə təkcə Elektroenergetika, Neft-Qaz və Kommunal-Məişət Sənayesi İşçiləri HİRK-nin xidmətlərinə daxil olan müəssisə və təşkilatlarda ölümlə nəticələnmiş bədbəxt hadisələrə görə 100-dən çox vəzifəli şəxs intizam qaydasında cəzalandırılıb, iki nəfər isə tutduğu vəzifədən kənarlaşdırılıb. Son illər üçün əldə edilmiş məlumatlardan görünür ki, respublikada əməyin mühafizəsinə xərclənən vəsaitlər ildən-ilə artır. Təkcə 2011-ci illə 2010-cu ili müqayisə etsək, əməyin mühafizəsinə xərclənən vəsaitin miqdarı 6%, hər işçiyə xərclənən vəsait isə 6,25% artıb”.
S.Mehbalıyev qeyd edib ki, yaxın zamanlarda 2015-ci ilədək dövrü əhatə edən “Layiqli əmək” proqramının imzalanması nəzərdə tutulur. Onun sözlərinə görə, yeni proqramın əsas istiqamətlərindən biri milli əməyin mühafizəsi sisteminin yenilənməsidir.