Bank Of Baku

Yayda çaylardan keçən daşqın və sel izlərinə görə maksimal su sərfləri təyin edilib

Yayda çaylardan keçən daşqın və sel izlərinə görə maksimal su sərfləri təyin edilib
# 29 iyul 2013 08:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən yay dövründə çaylardan keçən daşqın və sel izlərinə görə maksimal su sərflərini təyin etmək üçün bir neçə mərhələdən ibarət ölçmə işləri aparılıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ilkin mərhələdə ölçmə işləri iyulun 15-dən 19-dək Kiçik Qafqazın Gorançay, Kürəkçay, Gəncəçay, Qoşqarçay, Şəmkirçay və Böyük Qafqazın Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay, Şinçay çaylarında həyata keçirilib. Ölçü işlərinin əsas məqsədi bu ilin gursululuq dövrünün may və iyun aylarında yağan intensiv leysan yağışları nəticəsində çaylardan keçən daşqın və selin izlərinə görə maksimal su sərflərini təyin etmək olub. Ölçü işləri zamanı hər bir çayın en kəsiyinin profili çıxarılıb, en kəsiyinin sahəsi, məcranın eni, orta dərinlik, orta maillik və orta sürət təyin edilib. 
 

Hesablamalara əsasən Kiçik Qafqazın çaylarında ən maksimal su sərfi Gəncəçayda 20,3 m3/s olub ki, bu da keçən il ilə müqayisədə bir qədər azdır, 1928-ci ildən aparılan müşahidə dövrü ərzində ən yüksək su sərfi 11 iyul 1965-ci il tarixində 107 m3/s olub.  Böyük Qafqazın çaylarında ən maksimal su sərfləri Şinçayda 215 m3/s olub ki, bu da keçən il ilə müqayisədə bir qədər çoxdur. 1934-cü ildən aparılan müşahidə dövrü ərzində ən yüksək su sərfi 16 iyul 1973-cü il tarixində 279 m3/s olub.

 

İkinci mərhələdə növbəti ölçü işlərinin iyul ayının 29-dan avqust ayının 02-dək Böyük Qafqazın Qəbələ-İsmayıllı bölgəsinin (Tikanlıçay, Türyançay, Göyçay, Dəmiraparançay, Girdimançay, Ağsuçay), Quba-Qusar bölgəsinin (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Cağacuqçay, Ağcay) çaylarında aparılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR