Bank Of Baku

Yeni qaydalara əsasən müəllimlərin yerdəyişməsi müsabiqə əsasında keçiriləcək

Yeni qaydalara əsasən müəllimlərin yerdəyişməsi müsabiqə əsasında keçiriləcək
# 22 aprel 2014 11:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın ümumi təhsil müəssisələrdə daimi işləyən müəllimlərin bir rayon (şəhər) daxilində yerdəyişməsi yerdəyişmə həyata keçiriləcək müəssisənin direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.

 

APA-nın xəbərinə görə, təhsil nazirinin əmri ilə təsdiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydalarında qeyd olunub ki, qərar qəbul olunduqdan sonra müəllimin yerdəyişməsi müvafiq müəssisə rəhbərləri tərəfindən əmrlə rəsmiləşdirilir.

 

Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə) proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Həvəsləndirmə tədbirləri tətbiq olunan kənd məktəblərində işləyən gənc mütəxəssislər nəzərdə tutulmuş müddət başa çatanadək iş yerini dəyişmək üçün müraciət edə bilməzlər. Xüsusi hallarda (səhhəti, ailə vəziyyəti və s.) məsələyə fərdi qaydada Təhsil Nazirliyi tərəfindən baxılır.

 

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin ikinci mərhələsində Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə müsahibələr keçirir. Bu məqsədlə müsahibə komissiyaları yaradılır. Komissiyaların tərkibinə yerdəyişmə həyata keçiriləcək müəssisənin direktoru da daxil edilir. Yerdəyişməyə namizədlər müsahibənin başlanmasına 1 (bir) saat qalmış qeydiyyatdan keçməlidirlər. Bunun üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir. Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd müsahibəyə buraxılmır. Müsahibə zamanı yerdəyişmə üçün namizədin peşə kompetensiyaları, pedaqoji fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri və peşəkar inkişafı beş ballıq şkala üzrə qiymətləndirilir. Hər hansı ixtisas üzrə bir vakant yerə yerdəyişmə üçün iki və daha artıq namizəd olduqda, müsabiqə komissiyası təhsil və peşəkarlıq səviyyəsini, digər zəruri halları (hərbçi ailəsi, azyaşlı övladları olması, xəstə ailə üzvünə qulluq, ailə qurmaqla əlaqədar yaşayış yerini dəyişmə və s.) araşdırmaqla müvafiq qərar qəbul edir. Müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, nəticələr barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.

 

Hər hansı səbəbdən göstərilən vaxtda müsahibədə iştirak etməyənlər üçün təkrar müsahibə keçirilmir.

 

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətlərinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə başa çatdıqdan sonra qalan, eləcə də yerdəyişmə ilə əlaqədar yeni yaranan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılır. Müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilən müddətdə yerdəyişmə üzrə müraciətlərə baxılmır. İşə qəbul üzrə müsabiqə başa çatdıqdan sonra və yerdəyişmə üzrə növbəti müsabiqəyədək olan müraciətlərə fərdi qaydada baxılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR