Zəngilan rayonunun Cahangirbəyli kəndində bərpa və quruculuq işləri mərhələli şəkildə davam etdirilir.
APA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Emil Ağazadə məlumat verib.
O bildirib ki, kənd 179,54 hektar ərazidə layihələndirilib. Birinci mərhələdə 62,57 hektar ərazidə 242 fərdi yaşayış evinin tikintisi həyata keçirilir.
Onun sözlərinə görə, evlər ailələrin tərkibinə və yaşayış ehtiyaclarına uyğun müxtəlif tip və ölçülərdə inşa olunur. Birinci mərhələdə 162 birmərtəbəli evdən 54-ü ikiotaqlı, 108-i üçotaqlıdır. İkimərtəbəli 80 evdən 70-i dördotaqlı, 10-u isə beşotaqlıdır. Hər bir fərdi yaşayış evi üçün ayrıca təsərrüfat sahəsi və təsərrüfat tikilisinin yaradılması da nəzərdə tutulub.
Emil Ağazadə qeyd edib ki, Cahangirbəyli kəndində yaşayış evləri ilə yanaşı, sosial və ictimai obyektlər də inşa edilir. Kənddə inzibati bina, çoxfunksiyalı bina, bazar kompleksi, 264 şagird yerlik məktəb və 80 yerlik uşaq bağçasının yaradılması nəzərdə tutulub.
“Cahangirbəyli kəndinin tikintisinə 2024-cü il aprelin 9-da başlanılıb. Hazırda mühəndis-kommunikasiya və yol infrastrukturu üzrə işlər davam etdirilir. Yol və səki şəbəkəsi, köməkçi tikililər və hasarlanma işləri həyata keçirilir”, - deyə Xidmət rəsmisi bildirib.
O əlavə edib ki, kəndin yağış və sel sularından mühafizəsi ilə bağlı layihələndirmə işləri yekunlaşdırılıb və layihədə nəzərdə tutulan tədbirlər icra olunacaq.
Emil Ağazadənin sözlərinə görə, tikinti prosesində işlərin layihə və normativ tələblərə uyğunluğu, istifadə olunan materialların keyfiyyəti və texniki tələblərin yerinə yetirilməsi diqqətdə saxlanılır, bütün mərhələlərdə texniki nəzarət həyata keçirilir.