Dövlət büdcəsi hesabına kino çəkilişinə maliyyə nəzarətinin sərtləşdirilməsi təklif olunur

Dövlət büdcəsi hesabına kino çəkilişinə maliyyə nəzarətinin sərtləşdirilməsi təklif olunur
# 23 fevral 2016 16:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatası kino sahəsində fəaliyyətlər bağlı Milli Məclisə təkliflər təqdim edib.

APA-nın məlumatına görə, Hesablama Palatası qeyd edir ki, kino sənətində bədii, sənədli və cizgi filmlərinin istehsalına dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi mütəmadi olaraq əhəmiyyətli dərəcədə artıb.

Azərbaycan prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsindən gözlənilən əsas nəticələrdən biri kinonun normativ-hüquqi və iqtisadi bazasının təkmilləşdirilməsidir. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin icrasını təmin etmək məqsədilə 2013-2014-cü illərdə hər il üzrə 6,5 mln. manat məbləğində vəsait icra edilib, 2015-ci ilin dövlət büdcəsində bu istiqamətdə eyni məbləğ ayrılıb. Dövlət Proqramında normativ-hüquqi və iqtisadi bazanın təkmilləşdirilməsi, başqa sözlə yeni qanunvericilik aktlarının yaradılması üzrə icra müddəti 2008- 2009-cu illər müəyyən edildiyi halda, hazırda bu sahə yalnız Nazirlər Kabinetinin 11 may 2004-cü il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” ilə tənzimlənir.

Hazırda kinofilmlərin istehsalı zamanı ədəbi ssenarilərin yazılması və orijinal musiqinin bəstələnməsinə görə ödənilən müəllif qonorarının, quruluşçu heyətə və çəkiliş qrupuna ödənilən əmək haqqının qeyd olunan Qaydaların tələbləri ilə uyğunsuz təşkil etməsi, bu Qaydalarda xaricdən cəlb olunmuş kino mütəxəssislərinin (rejissor, operator və s.) əməyinin ödənilməsinin tənzimlənməsi məsələsinin nəzərdə tutulmaması, dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən edilməməsi və dövlət sifarişi ilə hazırlanan filmlərin smeta xərclərinin siyahısının təsdiq edilməməsi, habelə birgə (müştərək) film istehsalının və ümumiyyətlə kino iqtisadiyyatının tənzimlənməsi barədə normativ sənədlərin olmaması büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və hesabatlılığın təmin olunmasına, xərclərin uçotunun düzgün qurulmasına mənfi təsir göstərir.

Hesablama Palatası hesab edir ki, maliyyələşməsi tam məbləğdə dövlət büdcəsindən təmin edilən bu fəaliyyət üzrə dövlət tərəfindən qəbul edilmiş normativlərin tətbiqi və bu normativlərin pozulması ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinin müəyyən edilməsi və sərtləşdirilməsi büdcə vəsaitlərinin səmərəli və qənaətli, həmçinin nəticəli istifadəsini təmin etmiş olar. Eyni zamanda bu büdcə vəsaitlərinin istifadəçisi olan qeyri-dövlət təşkilatlarının məsuliyyətini də artmasına xidmət edər. Bunları nəzərə alaraq Hesablama Palatası kinoya dövlət qayğısının prioritet istiqamətlərinin müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsini vacib şərtlərdən biri kimi qəbul etməklə yanaşı, aşağıdakıları təklif edir:

- Dövlət sifarişi ilə çəkiləcək filmlərin seçilməsi meyarlarının müəyyən edilməsi və maliyyələşdirmə qaydalarının təsdiq edilməsini;

- bütün növ filmlərin (bədii, sənədli, cizgi) ssenariləri üzrə standartların (səhifənin sayı, mətnin formatı və s.) müəyyən edilməsini; - filmlərin smeta xərclərinin tərtibini, xərclərin siyahısının təsdiqi və ona nəzarət mexanizminin yaradılmasını; - filmlərin keyfiyyətinin artırılması və stimullaşdırılması məqsədilə filmlərin dövlət büdcəsindən tam maliyyələşdirmə sistemindən imtina edib, birgə və ya qismən maliyyələşdirmə formasına keçirilməsini.

Eyni zamanda Hesablama Palatası “Kinematoqrafiya haqqında” qnuna müştərək filmlərin çəkilməsi və xarici mütəxəssislərin yerli film istehsalına cəlb edilməsi ilə bağlı yeni müddəaların daxil edilməsini zəruri hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR