Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Fevral

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Fevral
# 18 fevral 2016 17:11 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Ankara terrorunun kökü PKK-nın Suriya qanadının Türkiyə sərhədləri yaxınlığındakı Azez şəhərini ələ keçirməsinə çıxır. Türkiyə-ABŞ gərginliyinə səbəb olan bu hadisə Ərdoğanın Vaşinqtona “ya biz, ya PYD” mesajı verməsi ilə nəticələnmiş, Birləşmiş Ştatlar isə üç rəsmi bəyanat verərək PYD-ni terror təşkilatı kimi qəbul etmədiklərini açıqlamışdı. Bundan sonra Səudiyyə Ərəbistanı və Türkiyənin Suriya ərazisinə qoşun yeritməyə hazırlaşdığı xəbəri yayılmış, Ankara İncirlik hava limanını Səudiyyə təyyarələrinin ixtiyarına vermişdi. Daha sonra Ankara Əsəd qarşı döyüşən loyal müxalif qüvvələrin öz ərazisindən Kobanidən keçməsinə və Azez istiqamətində hərəkətinə icazə vermiş, bundan sonra Suriya sərhədinə 15 minlik quru qoşunu və ağır hərbi texnika yığmışdı. Bütün baş verənlər Türkiyənin Suriya ərazisinə girəcəyini göstərirdi, çünki Azez şəhəri Türkiyə üçün olmazsa olmazdır. Yeganə məqam çatmırdı - Türkiyə Suriyaya girməyi əsaslandırmalı idi. Ankara və Diyarbəkirdəki terror aktları türklərə bu əsası verdi. Ortada Fransa presedenti var, Paris terrorundan sonra Fransa Suriyada hava hərəkatına başlamış və İŞİD mövqelərini bombardman etmişdi. Buna görə fransızlara gözün üstə qaşın var deyən olmayıb. Türkiyə də eyni ssenari üzrə Suriyaya daxil olmağa haqq qazanıb. Quru əməliyyatlarına havadan çox güman ki, İncirlikdəki Səudiyyə təyyarələri dəstək verəcək, çünki Rusiya faktoru Türkiyə aviasiyasının əməliyyata qoşulmasını nəzəri baxımdan mümkünsüz edir. Ssenarinin gerçəkləşməsi üçün ABŞ-ın razılığı vacibdir, həm də bu, Türkiyədən çox amerikalıların razılığı olmadan əlini ağdan-qaraya vurmağa belə çəkinən ərəb dövlətlərinə lazımdır. Ərdoğanın son mesajı da buna hesablanıb - ABŞ Ankara və Diyarbəkirdə terror aktları törətmiş PYD-yə münasibətini dəyişməli, onları terror təşkilatı kimi qəbul etməli, bununla da Suriya ərazisində quru əməliyyatına yaşıl işıq yandırmalıdır. Ankara terror aktlarından sonra quru əməliyyatında ikiqat israrlı görünür, əks təqdirdə Ərdoğanın son üç açıqlamasında indiyədək rast gəlinməyən ifadə - “meşru müdafaa”, yəni özünümüdafiə hüququ sözü yer almazdı.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR