“Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Qusar rayonunun təqdimatı keçirilib

“Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Qusar rayonunun təqdimatı keçirilib
# 12 aprel 2016 09:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Gənc Tamaşaçılar Teatrında “Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Qusar rayonunun təqdimatı keçirilib.

APA-nın məlumatına görə, Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları teatrın foyesində qurulmuş sərgi ilə tanış olublar.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, layihə çərçivəsində bölgələrin adət-ənənələrini, el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi inkişafını, turizm potensialını əks etdirən sərgilər nümayiş etdirilir, bədii kollektivlərin və incəsənət ustalarının konsertləri keçirilir: “Layihə ölkəmizin zəngin mədəniyyətinin geniş təbliğinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradıb. Bugünkü tədbir layihə çərçivəsində 12-ci təqdimatdır. Bu tədbirlərin hər birində bölgələrimizin bir-birindən gözəl adət-ənənələrini, mədəni özünəməxsusluğunu, zənginliyini daha aydın müşahidə edirik. Bu il həm də Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Qusar rayonu ölkəmizin "Folklor paytaxtı" elan olunub. Layihə çərçivəsində müxtəlif tədbirlər və görüşlərin keçirilməsi nəzərdə tutulur”.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov qeyd edib ki, “Bölgələrdən paytaxta” layihəsi Qusara rayon sakinlərinə öz mədəniyyətini, folklorunu, turizm potensialını nümayiş etdirmək imkanı yaradıb.

Mərasim rayonda fəaliyyət göstərən incəsənət ustalarının konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR