Bakıda insan alveri ilə bağlı beynəlxalq seminar başlayıb

Bakıda insan alveri ilə bağlı beynəlxalq seminar başlayıb
# 14 mart 2016 14:02 (UTC +04:00)

Bakı-APA. Daxili İşlər Nazirliyinin (DİN) və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə martın 14-də Bakıda “İnsan alveri cinayətlərinin təqibi və bu istiqamətdə koordinasiya” mövzusunda beynəlxalq seminar başlayıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev giriş nitqində 2005-ci ildən respublikamızın insan alverinə qarşı mübarizə üzrə bütün beynəlxalq konvensiyalara qoşulması, bu sahədə qanunvericilik sisteminin yaradılması, eyni zamanda, insan alveri qurbanlarının reabilitasiyası ilə əlaqədar olaraq Milli İstiqamətləndirmə Mexanizmi çərçivəsində hökumət tərəfindən 20-yə yaxın qərar qəbul olunması barədə məlumat verib. O deyib ki, insan alveri cinayətlərinin təqibinin təmin edilməsi məqsədilə DİN sistemində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ona bilavasitə tabe olan Sığınacaqlar və Qaynar xətt xidməti yaradılıb. Qeyd olunub ki, Baş İdarə son 10 ildə insan alveri cinayətlərinin təqibi sahəsində böyük təcrübə toplayıb.

Üç gün davam edəcək tədbirdə Gürcüstan, Qırğızıstan və Ukraynanın səlahiyyətli nümayəndələri, ABŞ-dan olan ekspertlər, eyni zamanda, respublika Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası, Bakı, Gəncə, Lənkəran, Şəki Ağır Cinayətlər məhkəmələrinin hakimləri, Baş Prokurorluq, Ədliyyə və Xarici İşlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi, Miqrasiya və Sərhəd xidmətlərinin, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının məsul əməkdaşları və Vəkillər Kollegiyasının üzvləri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR