Gürcüstanda Cənubi Qafqazdakı münaqişələrə dair elmi konfrans keçirilib

Gürcüstanda Cənubi Qafqazdakı münaqişələrə dair elmi konfrans keçirilib
# 29 aprel 2016 16:02 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında “Qafqazda münaqişələrin dəyişkən təhlükəsizlik dinamikası: Regional dövlətlərin rolu” mövzusunda elmi konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Beynəlxalq Sülh Naminə Karnegi Fondunun baş elmi işçisi, britaniyalı yazar Tom De Vaal çıxış edərək Cənubi Qafqaz regionunda gərginliyin artdığını və münaqişələrin həlinin vacib olduğunu bildirib.

Sessiyalarda İsveç Sülh Problemləri İnstitutunun (SİPRİ) nümayəndəsi Neil Melvin, Türkiyə Böhran Qrupunun elmi işçisi, beynəlxalq ekspert Nigar Göksal, Ermənistandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono və başqaları çıxış edərək Rusiya, Türkiyə və İranın, Avropa Birliyi və ABŞ-ın Cənubi Qafqazdakı regional münaqişələrə təsiri və onların həllində rolu barədə fikir və təkliflərini söyləyiblər.

N. Göksal çıxışında Türkiyənin həmişə Azərbaycanı dəstəklədiyini bildirib: “Türkiyə üçün Azərbaycan bu bölgədə ən önəmli ölkədir. Türkiyə üçün ən vacibi odur ki, Azərbaycan daha da güclənsin. Münaqişələrin dondurulmuş halda saxlanılması artıq hər kəsə zərərdir”.

Tədbir dialoq şəkilində davam edib. Elmi konfrans çərçivəsində başlanan dialoqlarda Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi və beynəlxalq ekspertlər məruzələr ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR