Müdafiə naziri Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə olub

Müdafiə naziri Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə olub
# 16 sentyabr 2016 07:46 (UTC +04:00)

Bakı - APA. Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə yeni tədris ilinin başlanması və "Bilik günü" münasibətilə tədbir keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kursantları "Bilik günü" münasibətilə təbrik edən Z. Həsənov ölkədə və muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlərin görüldüyünü bildirib.

Silahlı Qüvvələrin həm güclü maddi-texniki bazaya, həm də peşəkar və vətənpərvər şəxsi heyətə malik olduğunu deyən müdafiə naziri müasir dövrdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin mühüm istiqamətlərindən biri kimi ixtisaslı kadrların yetişdirilməsini xüsusi vurğulayıb.

Hərbi təhsil müəssisəsinin rəisi, general-mayor Elman Orucov dövlət rəhbərliyinin himayəsi və yüksək qayğısı ilə liseydə ən müasir şəraitin yaradıldığını qeyd edib. O, kursantların təhsili ilə yanaşı, sosial müdafiəsi və vətənpərvərlik tərbiyəsinin də diqqət mərkəzində olduğunu bildirib.

Sonra Heydər Əliyev adına Hərbi Liseyin bir qrup hərbi qulluqçusu müdafiə nazirinin əmri ilə medallarla təltif edilib.

Daha sonra liseyin pedaqoji kollektivi və valideynlərlə görüşən nazir tədris korpusunda və yataqxanada yaradılan şəraitlə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR