Bu il Azərbaycanda 96 qadın İİV-ə yoluxub

Bu il Azərbaycanda 96 qadın İİV-ə yoluxub
# 03 avqust 2016 09:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2016-cı ilin 6 ayında Azərbaycanda 283 nəfər İİV-ə yoluxub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yoluxmanın 276-ı (97,5%) Azərbaycan vətəndaşlarında, 7-i (2,5%) əcnəbilərdə qeydə alınıb. Qeydiyyata alınmış 276 vətəndaşdan 180-i (65,2%) kişi, 96-sı (34,8%) qadındır. Bu müddətdə 86 nəfər Azərbaycan vətəndaşı İİV-dən QİÇS mərhələsinə keçib.

Altı ayda İİV-ə yoluxması təsdiqlənmiş Azərbaycan vətəndaşlarının 56 nəfəri (20,3%) parenteral, 160 nəfəri (58,0%) heteroseksual, 5 nəfəri (1,8%) homoseksual əlaqə nəticəsində virusa yoluxub, 4 nəfər (1,7%) şaquli yolla, 51 nəfər (18,5%) isə yoluxma yolu isə xəstəliyə düçar olub.

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiqlənmiş 4955 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3607-si (73,2%) kişi, 1348-i (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1798 nəfərdir.

İİV-lə yaşayan insanlardan 47,0%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib, 7,3 faizində yoluxmanın səbəbi müəyyənləşməyib.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Antiretrovirus terapiyaya hazırda 3240 İİV-lə yaşayan insan cəlb olunub.

2016-cı ilin birinci yarım ili ərzində aşkarlanan İİV-ə yoluxma hallarının 20,3%-i, 1987-2016-cı illər ərzində isə aşkar olunan halların 49,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR