Bakı Ali Neft Məktəbində beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirilir

Bakı Ali Neft Məktəbində beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirilir
# 14 dekabr 2015 08:13 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, bununla əlaqədar, BANM-də TSİ-nin nümayəndələrinin iştirakı ilə iclas təşkil olunub. İclasda SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi yad edilib.

Rektor Elmar Qasımov bildirib ki, neftçi peşəsi qəhrəmanlıq tələb edən bir peşədir. O, bu sahənin ölkə iqtisadiyyatının inkişafı üçün, neft-qaz sənayesi üçün vacib bir sahə olduğunu vurğulayıb.

BANM-də üç modul üzrə ISO beynəlxalq standartının tətbiq edildiyini və ildə bir dəfə audit yoxlaması keçirildiyini deyən rektor BANM-in digər modullar üzrə standartların əldə olunmasına çalışdığını bildirib. E. Qasımov TSİ nümayəndələrinə bütün strukturlarda apardıqları yoxlamalarda hərtərəfli təftiş etməyi xahiş edib.

TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi BANM-in ali təhsil müəssisəsi olaraq Azərbaycanda analoji qurumlar arasında öndə gedən Ali Məktəb olduğunu deyib. BANM-in gələcəkdə digər modullar üzrə yeni standartların əldə olunmasına nail olacağına əminliyini ifadə edən S. Çələbi bildirib ki, yoxlamalar iki gün ərzində aparılacaq.

BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, ISO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olub.

Qeyd edək ki, iki gün ərzində keçirilən audit yoxlanışından sonra auditin yekun nəticələrinin açıqlanmasına dair iclas olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR